Uğursuzluğun səbəbləri hansılardır?

Uğursuzluğun səbəbləri hansılardır?

Hər birimizin həyatında elə anlar olub ki, uğursuzluqla qarşılaşıb təslim olmaq istəmişik təslim olmuşuq. Buna müxtəlif faktorlar təsir edib və nəticədə biz qarşımızda olan yoldan çıxmışıq. Nəticədə isə uğursuzluq yenə də bizi izləyir və biz hər şeydən və hər kəsdən şikayət etməyə davam edirik. Bəs niyə uğursuzluq bizi izləyir? Bunun bir neçə səbəbi var və bu gün bunları müzakirə edəcəyik.

– Öz fikrinin olmaması.

İnsanın öz fikrinin olmaması dedikdə, konkret bir məsələyə aid özünün sağlam düşüncə ilə düşünüb, qərar verə bilməyərək, başqa insanların fikirləri əsasında bu və ya digər məsələyə münasibət bildirməsi nəzərdə tutulur. Əlbətdəki, “Ağıl ağıldan üstündür” deyərlər. Ancaq, müəyyən məsələlər var ki, orda qarşında olan seçimi, müxtəlif baxışları müqayisə etdikdən sonra, öz ağlında süzgəçdən keçirərək, bizə nə verib-verməyəcəyini düşündükdən sonra, son qərarı verməliyik.

Bəzi tanışlarım, ona edilmiş təklifi ilkin baxışda bəyənsələr də sonradan, kimlər ilə məsləhətləşibdə bu işin ona yaramayacağı qərarına gəldiklərini bildirdiklərində, onlara yazığım gəlir. Onların nə üçün bu təklifi qəbul etməmələrinin səbəbini soruşduqda isə elə mənasız əsas irəli qoyurlar ki, bunun mənim təklifimə heç aidiyyatı da olmur. Bunu insana başa salmağa çalışanda isə, bunu qəbul etmək istəmir. Həmin an başa düşürsən ki, bu heç də sənin işləmək istədiyin adam deyil.

Ona görə də yadda saxlayın: Bina tikmək istəyirsinizsə, taxi şoferini deyil inşaat mühəndisi axtarın. Üzməyi öyrənmək istəyirsinizsə, futbol müəllimi deyil üzgüçülük müəllimi axtarın. Biznes ilə məşğul olmaq istəyirsinizsə, molla deyil biznesmen axtarın.

– Faktları yoxlamamaq

Bəzi insanlar isə onlara deyilmiş faktları yoxlamırlar. Fikirlər müxtəlif ola bilər və əgər biz konkret məsələ üzərində bir şeyi dəqiqləşdirmək istəyiriksə, özümüzü hamıdan ağıllı saymağımızın heç yeri yoxdur. Bizə söylənən hər bir fakt mütləq yoxlanılmalıdır.

Hallar müxtəlif cür ola bilər: İki müxtəlif insanın söylədiyi fikir arasında seçim etmək istəyirsinizsə, onun sizin fikrinizdə tutduğu yer önəmli deyil. Ola bilsin ki, sizin üstünlük vermək istədiyiniz şəxsin, sizə məsləhət verdiyi an fikri təmamilə başqa yerdə olub və o sizin sualınıza ötəri cavab verib. Odur ki, faktlar yoxlanılmalıdır. Vaxtınızı boş yerə sərf etməmək üçün isə, elə məsləhət aldığınız şəxslərdən, nə üçün həmin məsələyə məhz bu cür yanaşdığını öyrənməyiniz pis olmazdı. Daha sonra isə, qarşı tərəfə həmin arqumentləri təqdim edərək, ondan cavab istəyin. Sizin son qərarınız isə həmin cavabların sizi qane edib-etməyəcəyindən sonra bəlli olacaq.

Bir çoxları isə heç kəsə qulaq asmaq belə istəmirlər. Onlara yalnız öz fikirləri maraqlıdır. Belə halda öz doğruluğunuzu onun xəbəri olmadan ona isbatlayın. Yəni dolayı yol taparaq insana, hiss etməyəcəyi tərzdə onun səhv fikirdə olduğunu elə özünə dedirtdirin.

– Hər şeydən şikayət etmək.

Bu gün küçədə kimə yaxınlaşıb nə isə bir şey soruşsan, şikayətdən başqa bir şey eşitməyəcəksiniz. Elə hey bu iş alınmır, o iş getmir, belə yaşamaq olmaz, niyə bu belə oldu və s. İnsanlar heç fikir belə vermirlər ki, onlar şikayətləndkcə əhval ruhiyyələri necə pozulur, daha sonra depressiyaya düşürlər. Nəticədə o qədər çox şikayət edirlər ki, ümidləri hər şeyə kəsilir və həyatlarının sonunadək, ancaq şikayət edirlər. Hətta qabaqlarına imkan çıxdıqda belə, onu dəyərləndirmək əvəzinə yenə də yox deyib, şikayətlərinə davam edirlər.

Sizə yeganə məsləhətim: ŞİKAYƏT ETMƏYİN, bircə dəfə də olsun oturub fikirləşin, araşdırın görün problem nədədir?! Şikayətləri isə atın bir kənara, onlar heç kəsə lazım deyil və bununla ancaq, ətrafdakıları özünüzdən qaçırdırsınız.

Ətrafdakılara məsləhətim: Əgər görsəniz ki, kimsə elə heeey bıdıbıdı şikayət eləyir onun yanından qaçın, yaşından fərqi olmayaraq susdurun, ancaq qoymayın ki, o sizi də bu virusla zəhərləsin. Yalnız Pozitiv düşüncə sizi uğura apara bilər.

– Günahı başqalarında axtarmaq.

Bu da şikayətin bir növüdür, lakin konkret ayrıca bəhs ediləsi şikayət formasıdır. Boynunuza alın ki, hələ indi də elə məsələlər var ki, sizin günahınız olsa belə, siz onu boynunuza almaq istəmirsiniz. Hər zaman ətrafda bir LOX axtarıb tapırsınız ki, bütün günahlarınızı onun boynuna atasınız.

Bir işə öhdəlik götürüb, onu tam yerinə yetirmirsinizsə, buna görə məsuliyyəti yalnız siz daşıyırsınız. Görüşə gecikmisiniz? Evdən tez çıxardınız. İşiniz alınmır? Deməli yuxarıda göstərilən səbəblərdən biri buna mane olur. Əgər siz hər hansı bir problemdə öz kiçicik günahınızı görüb, onun boynunuza alsanız, növbəti dəfə bu səhvi bir də təkrar etməyəcəksiniz. Mən demirəm ki, TİTANİKİN batmasında öz günahınızı axtarasınız. Söhbət konkret olaraq sizin bilavasitə və yaxud dolayısı yol ilə iştirakınız olan məsələlərdən gedir. Bütün günahı da öz boynunuza almağı demirəm. Yalnız öz günahınızı nə şişirtmədən, nə də ki kiçiltmədən qəbul edin.

– Öyrənmək istəyinin olmaması.

Zaman öz axarı ilə gedir və heç kəsi də gözləmir. Əvvəllər əgər qatarla gedirdiksə, indiki zəmanədə raketlə hərəkət edirik və heç kəsə bu raketə gecikməyi tövsiyyə etmirəm. Üstəlik sizə 20 il bundan öncənin teoriyasını deyil, günbə-gün yenilənən geniş təcrübəni öyrənmək lazımdır ki, irəli gedəsiniz. Teoriya müəyyən bir yerədək sizi sürütləyib aparacaq, bir müddətdən sonra siz onu itələyib irəli aparmaq istəyəcəksiniz. Lakin bu dəfə siz çox tab gətirə bilməyib, nəhayət yerinizdə təpik vurmaqdan da bezib, olduğunuz yerdə oturub qalacaqsınız.

Düzdür nəzərə alsaq ki, pensionerlər də pensiyalarını plastik kartlar ilə alırlar, həyatın heç də acımasız olduğunu deyə bilmərik. İndi plastik kartı neyniyirəm, onsuz da pensiyaya çıxanda dövlət verəcək. Bu cür düşünürsünüzsə, boynunuzdan bir daş asıb, özünüzü dənizə ata bilərsiniz.

Yox əgər siz yerinizdə çapalamayıb, daim irəlidə olmaq istəyirsinizsə, sizə kömək ola biləcək hər bir biliyə sahib olmağa çalışın. Öyrənin, araşdırın və nəhayət tətbiq edin. Mindiyiniz raket isə sizi Uğura çatdıracaq.

– Öz gücünə inamın olmaması.

Məncə yuxarıdakı bütün səbəbləri bir yerə toplasanız, məhz bu səbəb ortaya çıxacaq. İnsanın bütün uğursuzluqlarının başında özünə inamın olmamasıdır. Bəli fiziki olaraq bizim imkanlarımız limitli ola bilər. Ancaq, limitli beynimizlə bizə limitsiz qüvvə verə biləcək maşınları yarada biliriksə, o zaman limit sözü öz qüvvəsini itirmiş olacaq.

Özümüzə inamın olmaması nəticəsində, düzgün qərar verməkdən çəkinir və biz ehtiyat etməyi məsləhət görən insanların sözlərinə qulaq asırıq. Ancaq, heç ağlımıza da gəlmir onlardan soruşaq: – “Bəs sən bu cür fikirlərinlə hara gəlmisən?”

Özümüzə inamın olmaması nəticəsində, biz araşdırmadan, tələsik qərarlar veririk. Sonra isə işimiz ancaq, şikayət etmək olur. Qorxuruq ki, birdən tapacağımız cavab bizim bütün dünyamızı, düşüncə tərzimizi dəyişər. Beyninizi paslanmağa qoymayın, onu daim yağlamaq lazımdır.

Özümüzə inamın olmaması nəticəsində, yerimizdən tərpənib hərəkət etmirik. Başımıza bir iş gələndə isə şikayət edib, bu gün düşdüyümüz çətin vəziyyətin günahkarlarını axtarırıq. Heç görmüsünüz ki, başqalarında günah axtarıb, şikayət etdikcə problemləriniz həll tapsın? Əgər köməyi olsa idi indi şikayət etməzdiniz. İnsan özündən başqa kimdə desəz günah axtarar, təki ürəyi sakit olsun. Ancaq, öz ucbatından bir problem ilə üzləşəsi olsa, mütləq beynini işə salıb, həmin vəziyyətdən çıxış yolu tapacaq.

Özümüzə inamın olmaması nəticəsində, yeniliklərə də açıq olmuruq. Giriş qapımızı bir azca da daraldıb, yeni məlumatların bizə axmasına mane oluruq. Nəticədə, qapını hörümçək toru təmamilə bağlayır və biz qapanmış dünyada yaşamaq məcburiyyətində qalırıq. Ayılanda isə özümüzü, bankomatdan pensiya pulumuzu çıxartmaq üçün dayandığımız növbədə tapırıq.

Özünüzə inanın, çünki sizdən başqa sizə uğuru gətirəcək insan olmayacaq. UĞUR SİZİ GÖZLƏYİR!


Mənbə: news.cvcenter.az