İşsizlik problemi və ondan necə qurtulaq?

Bu dəfə gənclərin ən çox üzləşdiyi problem olan işsizlikdən yazmaq istərdim. Universiteti bitirən gənclərin əksəriyyəti elə hey işsizlikdən danışır.

Sözlərində qismən haqlıdırlar. Ölkənin hazırki əmək bazarının durumu heç də yaxşı vəziyyətdə deyil. Ona görə də insanlar iş tapmaqda çətinlik çəkirlər. Lakin gəlin bir araşdıraq ki, universiteti bitirən və öz ixtisasında diploma malik olan bir gənc niyə iş tapa bilmir.

Əksər işə götürən insan resursları departamenti işçilərinin əsas tələbi müvafiq kateqoriya üzrə iş təcrübəsinin olmasıdır. Onları da anlamaq lazımdır. Özəl sektor vaxt itkisinə yol verməyi istəmir. Bu pul itkisi deməkdir, biznes isə bunu bağışlamır. O təcrübəli kadrı işə götürməklə irəli düşür, nəinki təcrübəsizi götürüb ona treyninq keçməklə. Azərbaycan tələbələrinin əksəriyyətinin problemi də bundadır. Sovetlərdən qalma streotiplərə görə dövlət məni işlə təmin etməlidir prinsipi onlara inkiaşf etməyə imkan vermir. Axı niyə kimsə sizi işlə təmin etməlidir. Hər bir gənc universitetə daxil olduğu andan etibarən öz gələcək karyerasını düşünməlidir. Siz gərək düşünəsiniz ki, gələcəkdə sizdən iş təcrübəsi tələb edəcəklər. Bunun üçün də tələbə vaxtı təhsil aldığınız ixtisas üzrə könüllü işlərdə işləyin və təcrübə qazanın. Sizi könüllü kimi qeydiyyata alsınlar və əmək kitabçanıza iş təcrübəsi yazılsın. Bunu nəyi pisdir ki? Axı birdən-birə yüksək maaşı almaq mümkün deyildir. İlk öncə ixtisasınızda yüksək təcrübəyə malik olmaq lazımdır. Daha sonra tələbə olarkən xarici seminarlarda iştirak edin. Çoxları deyir ki, bunu faydası yoxdur, bekara işdir filan. Amma onlar yanılırlar. İlk öncə xarici səfərlər və seminarlar sizə zəngin dünya görüşü bəxş edir. Gələcəkdə iş müsahibələrinə gedərkən bu sizin mövqeyinizi daha da gözəl ifadə etməyə imkan yaradır.

Siz siz olun və elə indidən öz gələcəyinizi düşünün. Universitet vaxtını tamamilə əyləncəyə sərf etdikdə və 4 ilin tamamında əlinizdə yalnız bakalavr diplomu olacaq. Heç kim sizi işə götürməyə də borclu deyil. Bugün Azərbaycan da öz gücünə işləyənlərin əksəriyyəti tələbə vaxtı müxtəlif könüllü işlərdə işləyənlər, xaricdə seminarlarda iştirak edənlərdir. Bəli razıyam ki, Azərbacyanda işə götürülməklə neqativ hallar da mövcuddur. Yuxarıdan tapşırmaq, rüşvətlə işə qəbul edilmə və s. kimi hallar. Amma sizi inandırım ki, bu biznes sektorunda belə deyildir. Çünki sahibkara işi bilən və təcrübəli işçiyə ehtiyac var.

Buna dair çox nümunələr götürmək olar. Öz nümunəmdən deyə bilərəm ki, hərbi xidmətdən qayıtdıqdan sonra düz 6 ay iş axtarmışam. Əlimdə də diplom var idi. Heç ona baxan da olmadı. Yalnız 4 il ərzində müxtəlif təşkilatlarda işləyərkən qazandığım təcrübə işimə yaradı. Bəli, məhz təcrübə. Mən o vaxt işləyərkən maaş haqqında düşünməmişəm. Yalnız ciddi karyera haqqında düşünmək lazımdır. Ona görə indidən öz background-nuzu formalaşdırmağa başlayın. Heç nə itirməzsiniz. Əksinə qazanan tərəf olacaqsınız.


Mənbə: nijatguluzade.wordpress.com