Düzgün peşə seçimi necə aparılmalıdır?

Düzgün peşə seçimi necə aparılmalıdır?

Peşə və iş. Bəzən insanlar bu iki məfhumu səhv salırlar. Peşə hər hansı bir bilik və bacarığa uyğun olaraq tutulmuş yol, seçilmiş ixtisas və məşğuliyyətdir. İş isə insanların maddi tərəfini tamamlayan, əsasən gəlir məqsədilə gördüyü məşğuliyyətdir. Hər iş bir peşə deyil, amma hər peşə də bir iş deyildir. 

Bəzən də olur ki, həqiqi peşə sahibləri öz sahələrinə peşəkar yanaşdıqlarına görə onu işə çevirirlər. Məsələn, mühəndis həm ixtisaslı ola bilir, həm də ixtisassız. İxtisassız kadr bu işi məhz gəlir əldə etmək məqsədilə üzərinə düşür və onu iş olaraq icra edir. Düzgün peşə seçiminin aparılmasında iki amil vardır. Birincisi bilik və bacarığın müəyyən edilməsi, ikincisi onun maraq dairəsinə yönəldilməsidir. Hər bir insanda yaradılışdan mütləq bir qabiliyyət vardır. Bəziləri fizika sahəsində, bəziləri sosiologiya sahəsində və s. ola bilər. Yəni qabiliyyətlər müxtəlifdir. İnsanlar bu qabiliyyətləri öz maraq dairələrinə çevirirlər.

Əgər bir şəxsdə təhlil qabiliyyəti yüksəkdirsə, bu qabiliyyətdən istifadə edərək öz istəyini hüquq, pedoqoqika, sosiologiya və s. kimi sahələrdə ortaya qoya bilər. Bu isə insanın təhsil səviyyəsi, dünya görüşü, genetik kodlardan asılı olaraq maraq dairəsinə uyğun bilik və bacarıqları özünü göstərir və insan bu istiqamətdə öz peşəsini görür. Peşə seçiminin düzgün aparılmamasına səbəbləri sosial amillər, psixoloji amillər, ətraf mühitin təsiri, özünə inamın zəif olması, gündəlik maddi məişət problemlərinin qabardılması kimi halları saymaq olar. Bu kimi amillər düzgün peşə seçiminə birbaşa təsir edir. İnsana qarşı seçmək istədiyi peşənin pislənməsi də peşə seçiminə mənfi təsir edir. İnsan peşə seçmək istədiyi zaman ətraf müdaxilələr, seçəcəyi peşədə kifayət qədər maddiyyatın olmayacağı kimi fikirlərdə peşə seçiminə mənfi təsir edir. Gündəlik kütıəvi və ənənəvi yanaşmalar insanların özünəgüvən hissini qırır. 

Qarşıdakı insan isə bir fərd kimi öz mövqeyini ortaya qoya bilmir, halbuki həmin insanın potensialı vardır. Amma bu bacarıq və potensial onun içində ölür. Hal-hazırda dünyada çox az sayda kamil, peşəkar peşə sahibləri vardır ki, onlar öz mövqelərini əvvəlcədən ortaya qoya bilib, kənar fobiyalardan uzaqlaşıb və öz məqsədinə doğru gedib.